Fransa Milli Assambleyasının sədri Yael Bron-Pivet parlamentdə müzakirələri izləyən hicablı qızların olmasını qəbuledilməz adlandırıb. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Lakin hüquqi baxımdan parlamentin qaydaları baş örtüyünü qadağan etmir. Milli Assambleya sədrinin reaksiyası onun parlamentdə qəbul olunmuş qanunlardan xəbərsiz olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, məsələ ifrat sağçı deputat Jülyen Odul tərəfindən X platformasında paylaşılan bir foto ilə başlayıb. Şəkildə Milli Assambleyanın tamaşaçı tribunasında oturan gənc qızların bəzilərinin hicablı olduğu görünür. Odul bunu “rüsvayçı təxribat” adlandırıb. Buna cavab olaraq, Yael Bron-Pivet yazıb: “Milli Assambleyada 2004-cü ildə məktəblərdə dünyəviliyi qorumaq haqqında qanun qəbul olunub. Bu məkanda uşaqların açıq dini simvollar daşıması qəbuledilməzdir. Respublika prinsiplərinin ardıcıllığı naminə, bu vəziyyətin təkrarlanmaması üçün hamıdan diqqətli olmağı xahiş edirəm”.
Bron-Pivetin bu mövqeyi sol partiyalar tərəfindən dərhal tənqid edilib. Xüsusilə də “Əyilməz Fransa” deputatları onun açıqlamasını “islamofob təbliğatın təkrarı” kimi dəyərləndiriblər.
