AzərbaycanXəbərlər

İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib

Bakıda Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə davam edən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025” çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib.

Forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Qadınların İnkişafı Təşkilatı (WDO), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Yaradıcı Azərbaycan platformasının birgə təşkilatçılığı ilə baş tutub.

Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, “KADEM” Vəqfi Qəyyumlar Şurasının sədri Sümeyye Erdoğan Bayraktar, WDO-nun baş direktoru Afnan Al-Shuaibi, eləcə də Qazaxıstan, Bəhreyn və Özbəkistandan olan qadın innovatorlar və sahibkarlar iştirak ediblər.

Forumun açılışından sonra Mövlanə Cəlaləddin Ruminin “Zaman dairəsindən çıx – Sevgi dairəsinə daxil ol” kəlamı üzərində qurulan konseptual vizual kompozisiya nümayiş etdirilib. Layihənin illüstrativ hissəsi rəssam Leyla Əliyevanın əsərləri əsasında təqdim edilib. Vizual konsepsiyanın müəllifi Əməkdar artist Səbinə Şıxlinskaya, musiqi tərtibatçısı isə Orxan Ağayevdir (DJ Pancho).

Qeyd edək ki, Qadınların Yaradıcı Forumu çərçivəsində “Yaradıcı sənayelərdə qadınlar üçün beynəlxalq ticarət imkanlarının genişləndirilməsi”, “İnnovasiya, texnologiya və investisiyanın qadınların gücləndirilməsində rolu” və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Spikerlər qadınların rəhbərlik etdiyi yaradıcı bizneslərin dəstəklənməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və innovasiyaların mədəni və iqtisadi transformasiyanı sürətləndirməkdəki rolu barədə danışıblar. Vurğulanıb ki, Qadınların Yaradıcı Forumu qadın liderliyinin yaradıcı iqtisadiyyatda inkişafı, innovasiya və dayanıqlılığın təşviqi, eləcə də beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətində ortaq öhdəliyi bir daha təsdiqləyir.

Daha çox göstər
Back to top button