Milli Xalça Muzeyində “Səssiz dualar – Zirə Cümə məscidində qorunan mədəni irs” sərgisi açılıb

Fevralın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Səssiz dualar – Zirə Cümə məscidində qorunan mədəni irs” sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, müxtəlif ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova, Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Zirə Cümə məscidinin dini icmasının sədri Hacı Qədir Nəcəfov və b. tədbirdə çıxış ediblər.
Tədbir çərçivəsində Zirə Cümə məscidi haqqında “Tarixin əmanəti” adlı qısametrajlı film nümayiş olunub. Filmin rejissoru Mübariz Nağıyevdir.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Sərgidə müxtəlif dövrlərdə ayrı-ayrı şəxslər tərəfindən Zirə Cümə məscidinə ianə edilmiş milli irs nümunələri nümayiş olunub. Ekspozisiyada xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii metal, geyim və tikmə nümunələri, “Qurani-Kərim”in nüsxələri, həmçinin nadir əlyazma kitablar yer alıb. Eksponatların əksəriyyətinin yaşı bir əsrdən çoxdur və onlar azərbaycanlı sənətkarlar tərəfindən yaradılıb.
Tədbir bədii hissə ilə davam edib.
Sərgi fevralın 8-dək davam edəcək.






