780 İslam, 27 digər dini konfessiya və 21 ziyarətgah maliyyə hesabatını Dini Komitəyə təqdim edib

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə 780 İslam, 27 digər dini konfessiya və 21 ziyarətgah 2025-ci il üzrə maliyyə hesabatını təqdim edib.

Bununla bağlı Dini Komitənin kollegiya iclasında müzakirə aparılıb.

Bildirilib ki, 2025-ci ildə 51 din xadimi vakant yerlərə təyin olunub, 3598 adda dini məzmunlu ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilib.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov söyləyib ki, Prezident İlham Əliyevin Azərbaycan Din Xadimlərinin I Forumuna ünvanladığı müraciətində öz əksini tapmış tövsiyələr, eləcə də digər müvafiq tapşırıqlar 2025-ci il ərzində görülən işlərin səmərəli olmasına zəmin yaradıb.

Dövlət başçısı tərəfindən imzalanmış müvafiq sərəncamlarla Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında və Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi vəzifəsinin Komitəyə həvalə olunması qurumun fəaliyyət istiqamətləri üzrə yeni öhdəlik müəyyənləşdirib.

Sədr vurğulayıb ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzi tərəfindən Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” sənədli filmi hazırlanıb, xaricdə yaşayan soydaşlarla dini-mənəvi əlaqələrin gücləndirilməsi istiqamətində Türkiyə və Gürcüstanda iftar tədbirləri təşkil olunub.

“Hər məsciddə kitabxana” layihəsi çərçivəsində 250 məscid 25 min kitabla təmin edilib. “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpoziumda Türkiyə, Özbəkistan, ABŞ, Rusiya və Misir daxil olmaqla 14 ölkənin nüfuzlu universitetlərindən 40-a yaxın alim və mütəxəssis iştirak edib.

Kollegiya iclasında Dövlət Komitəsinin ötən ildəki fəaliyyətinə dair hesabat təqdim edilib.

Exit mobile version