AktualXəbərlər

“Bibiheybət” kitabı nəşr edilib

Azərbaycanın Əhli-beytlə (ə) bağlı ən məşhur ziyarətgahlarından olan Bibiheybət haqqında kitab nəşr edilib. Dini Araşdırmalar Mərkəzinin direktoru Natiq Rəhimovun qələmə aldığı “Bibiheybət” kitabı “Əhli-Beyt Maarifi” nəşr evi tərəfindən nəfis tərtibatla çap olunub.

Kitabın ön sözündə deyilir: “Bibiheybət Allah-taalanın ölkəmizə və xalqımıza bir lütfüdür. Bu müqəddəs məkan həm Azərbaycan xalqının Əhli-Beytə tarixi bağlılığının, həm də Əhli-Beytin bu torpaqlara etimadlı münasibətinin göstəricisidir. Bəzi qüvvələr məqsədyönlü şəkildə xalqımızın tarixi yaddaşını, milli-mənəvi və dini dəyərlər sistemini ləkələmək üçün bu müqəddəs məkanı hədəfə almışlar. 80 il əvvəl onlar Bibiheybət ziyarətgahını fiziki mənada yer üzündən silsələr də, xalqın yaddaşından və Əhi-Beytsevərlərin qəlbindən silə bilmədilər. Bu gün bölgəyə Əhli-Beyt inancının Səfəvilər zamanında zorla gətirildiyini iddia edənlər qəbul etmək istəmirlər ki, bu xalqın mayası 1400 ildir Peyğəmbər və Əhli-Beyt məhəbbəti ilə yoğrulub. Həkimə xatunun zamanında və ondan bir qədər də sonralar bu yerlərdə hansı məzhəbin üstünlük qazanmasından asılı olmayaraq, Peyğəmbər nəslini sevənlər və himayə edənlər həmişə mövcud olmuşlar. Çünki Peyğəmbərin yadigarlarını sevmək bütün müsəlmanların Müqəddəs Kitabı olan Quranda təsbit edilmiş ilahi əmrdir”.

Kitab üç bölümdən ibarətdir:

Birinci bölümdə müəllif Həkimə xatunun da mənsub olduğu Əhli-Beytin dəyəri və fəziləti barədə dini mətnlərdən nümunələr gətirmiş, xalqımızın Əhli-Beyt sevgisini, Peyğəmbər nəslinə olan ehtiramını təsvir etməyə çalışmışdır.

İkinci bölüm Həkimə xatunun müasiri olduğu imamların və özünün həyatı haqqında məlum olan mühüm xəbərləri əhatə edir. Bu bölümdə Həkimə xatundan rəvayət edilmiş hədislər, onların mənbələri, İmam Kazimin (ə) övladlarının Mədinədən şimal istiqamətində köçünün səbəbləri və marşrutu haqqında məlumat verilir.

Kitabın üçüncü bölümü Bibiheybət ziyarətgahının tikinti və təmir tarixi, quruluşu, memarı, bu məkanı tədqiq etmiş alimlər, Bibiheybət barədə öz əsərlərində yazmış səyyahlar barədə məlumatları əhatə edir. Bibiheybət qəbiristanlığında dəfn edilmiş görkəmli şəxslər, bu müqəddəs məkanın ədəbiyyat və incəsənət əsərlərindəki təsviri də üçüncü bölümün mövzularındandır.

Kitabın sonunda Bibiheybət ziyarətgahının qədim və müasir görünüşünü əks etdirən fotolar yerləşdirilib. Əsərin yazılması zamanı Azərbaycan, ərəb, fars, türk, rus və Avropa dillərindəki yüzlərlə mənbədən istifadə edilib.

“Bibiheybət” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabı şəhərin dini kitab mağazalarından əldə edə bilərsiniz.

Daha çox göstər
Back to top button