Ayat namazında “İxlas” surəsini hissə-hissə bölüb oxumaq olarmı?

Ayat namazının qılınma qaydalarından biri budur ki, iki rükətin hərəsində 5 dəfə Fatihə və bir qısa surə oxunsun. Digər üsul budur ki, birinci rükətdə Fatihə surəsi oxunsun, o biri surə isə beş hissəyə bölünsün və hər rükətdə bir hissə oxunsun. Bu zaman birinci rükətdən sonrakı rükətlərdə daha Fatihə oxunmur, yalnız o biri surənin hissəsi oxunur. Ayat namazı bu üsulla qılınan zaman “Bismillahir-Rəhmanir-Rəhim” cümləsi müstəqil ayə sayılmır və surənin birinci ayəsi ilə birlikdə oxunur.
“İxlas” surəsi dörd ayədən ibarətdir. Amma üçüncü ayə iki bitkin fikirdən təşkil edilib: “ləm yəlid” və “və ləm yuləd”. Buna görə də bu ayəni iki yerə bölmk olar. Bu halda ayat namazı bu cür qılınır: 1-ci rükət – Fatihə, sonra “Bismillahir-Rəhmanir-Rəhim”, “Qul huvəllahu əhəd”. 2-ci rükət – “Allahus-saməd”. 3-cü rükət – “Ləm yəlid”. 4-cü rükət – “Və ləm yuləd”. 5-ci rükət – “Və ləm yəkul ləhu kufuvən əhəd”.
Bu, “İxlas” surəsinin ayat namazında asan oxunma üsuludur.






