SESRIC-in baş direktoru: 2030-cu ilədək dünyada şəhər əhalisinin 30 faizi İƏT-ə üzv ölkələrdə olacaq

2030-cu ilədək dünyada şəhər əhalisinin təxminən 30 faizi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə olacaq.
Bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo” sərgisindəki Biznes və İnnovasiya Mərkəzində “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” mövzusunda panel müzakirəsindəki çıxışı zamanı İslam Əməkdaşlıq Təşkilatının Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) baş direktoru Zehra Zümrüt Selçuk deyib.
“Ölkələrdə urbanizasiya sürəti artır və biz şəhərlərdə daha çox insan görürük. Dünyada şəhər əhalisinin təxminən dörddəbiri İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdədir və 2030-cu ilə qədər bu rəqəmin təxminən 30 faizə yaxınlaşacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, İƏT-ə üzv olan ölkələrdə bütün dünya ilə müqayisədə daha sürətli urbanizasiya tempi olacaq”, – deyə o qeyd edib.






