Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

İslam dünyasının ən müqəddəs məkanlarından olan Kəbə evinin örtüyünün (Kisvə) dəyişdirilməsi tədbiri keçirilib. Hər il Həcc mərasimindən sonra baş tutan prosesdə Səudiyyə Ərəbistanının yüksəksəviyyəli rəsmiləri və qonaqlar iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanında xüsusi istehsal mərkəzində, yerli mütəxəssislər tərəfindən hazırlanan örtük məxsusi nəqliyyat vasitəsilə Kəbəyə gətirilir.

Kral Əbdüləziz Kəbə Örtüyü Kompleksində həyata keçirilən istehsal prosesi yüksək dəqiqlik və incəlik tələb edən yeddi əsas mərhələdən keçir. Bu mərhələlər xammalın hazırlanması, yuma və boyama, toxunma, naxış və tikmə işləri, keyfiyyətə nəzarət və son quraşdırma proseslərini əhatə edir.

İlk mərhələdə təbii ipək emal olunur, xüsusi texnologiya ilə təmizlənir və daha sonra Kəbə örtüyünə xas olan qara rəngə boyanır. Ardınca ipək saplar yüksək dəqiqlikli toxuculuq dəzgahlarında işlənərək örtüyün əsas parçasına çevrilir.

Naxış və tikmə mərhələsi örtüyün incəlik və çox dəqiqlik tələb edən hissəsi hesab olunur. Bu mərhələdə “Qurani-Kərim” ayələri və İslam ornamentləri qızıl suyuna salınmış ümumi çəkisi 120 kiloqram olan gümüş saplarla işlənir. Eyni zamanda, 60 kiloqram xalis gümüş də detallı tikmə işlərində istifadə olunur ki, bu da örtüyə xüsusi estetik və bədii dəyər qazandırır.

Dizaynın tamamlanmasında isə təxminən 410 kiloqram pambıq materialından istifadə edilir. Bu materiallar ornamentlərin daha qabarıq və aydın görünməsini təmin edir.

İstehsal prosesi boyunca təxminən 825 kiloqram təbii ipək istifadə olunur ki, bu da örtüyün həm möhkəmliyini, həm də uzunömürlülüyünü təmin edir.

Mütəxəssislərin bildirdiyinə görə, “Kisvə” istehsalı yüksək sənətkarlıq, dəqiq hesablamalar və uzun illərin təcrübəsini tələb edən mürəkkəb bir prosesdir. Hər il yenilənən Kəbə örtüyü həm ənənəvi İslam sənətinin davamlılığını, həm də müasir istehsal texnologiyalarının imkanlarını özündə birləşdirən unikal nümunə kimi təqdim olunur.

Exit mobile version