AzərbaycanXəbərlər

Bakıda 14-cü Gənclər İnkişaf Forumu keçirilib

Bu gün Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində “Sərhədsiz gənclər: regional rifahın birgə təşviqi” mövzusunda 14-cü Gənclər İnkişaf Forumu keçirilib.

“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, forumda regional inteqrasiyanın gənclər üçün yeni iqtisadi imkanlar yaradılmasına, əmək bazarlarına çıxışın genişləndirilməsinə, sahibkarlıq və innovasiya fəaliyyətinin təşviqinə verdiyi töhfələr müzakirə olunub.

Eyni zamanda, gənclər siyasəti sahəsində regional əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və gənclərin dayanıqlı inkişaf proseslərində rolunun artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Forumda nazirin I müavini Anar Kərimov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, IsDB-nin Şimali Afrika və Mərkəzi Asiya üzrə regional meneceri İdrissa Dia və digərləri, habelə gənclər təşkilatlarının nümayəndələri çıxış ediblər.

Daha sonra keçirilən panel müzakirələrdə regional inteqrasiyanın gənclər üçün yeni iqtisadi imkanlar yaratması, innovasiya və startap sistemlərinin genişləndirilməsi, rəqəmsal bacarıqların inkişafı mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar gənclərin potensialının reallaşdırılması üçün əlverişli mühitin yaradılması, insan kapitalına investisiyaların artırılması və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsini qeyd ediblər.

Daha çox göstər
Back to top button