İƏT üzvü olan dövlətlərin parlamentləri arasında koordinasiyanın gücləndirilməsi müzakirə olunub

İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində Baş Katiblər Assosiasiyasının 7-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev gündəlikdəki məsələlər barədə məlumat verib.
O vurğulayıb ki, parlamentlərin istifadə etdiyi bir çox alət və vasitələr artıq zamanın tələblərinə cavab vermir. “Qlobal dünyada parlamentlərin fəaliyyəti müasir beynəlxalq təcrübənin yeniliklərinə əsaslanmalıdır. Alətlərin daha əlçatan olması, görülən tədbirlərin isə daha adekvat və səmərəli şəkildə həyata keçirilməsi vacibdir. Rəqəmsal, ekoloji və digər sahələrdə baş verən yeniliklər parlamentlərin fəaliyyətinə də öz təsirini göstərib. Bu səbəbdən müasir fəaliyyət modelləri daim zənginləşdirilməli və təkmilləşdirilməlidir”.
Fərid Hacıyev Milli Məclisin bu istiqamətdə bir sıra innovativ həllərin tətbiqinə nail olduğuna diqqət çəkib. O əlavə edib ki, hazırda da bu sahədə ardıcıl və ciddi işlər görülür.
İƏT Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass İslam dünyasının hazırda siyasi, iqtisadi və humanitar böhranların bir-birinə qarışdığı, təhlükəsizlik, sabitlik və dayanıqlı inkişafla bağlı çağırışların artdığı həssas bir mərhələdən keçdiyini xatırladıb. Onun sözlərinə görə, bu vəziyyət hər kəsin üzərinə müştərək parlament fəaliyyətini gücləndirmək, uğurlu təcrübə və bilikləri bölüşmək, xalqlarımızın istək və ümidlərinə uyğun olaraq institusional iş alətlərini təkmilləşdirmək üçün ikiqat məsuliyyət qoyur. Baş katib bildirib ki, bu çərçivədə, İslam və beynəlxalq parlamentlər arasında koordinasiyanın gücləndirilməsində, təlim proqramlarının hazırlanmasında və potensialın artırılmasında, parlament sistemlərinin və prosedurlarının müasirləşdirilməsində baş katiblərin rolu mühüm olaraq qalmaqdadır.
İclasda çıxış edənlər parlament katiblikləri arasında əməkdaşlığın gücləndirilməsinin, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinin və qanunvericilik orqanlarının institusional potensialının artırılmasının əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, müxtəlif ölkələrin parlament aparatları arasında təcrübə mübadiləsi parlamentlərin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə töhfə verir.
Müzakirələr zamanı üzv dövlətlərin parlament aparatlarının fəaliyyətinə dair təqdimatlar dinlənilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İclasın sonunda Assosiasiyanın fəaliyyəti ilə bağlı təşkilati məsələlərə baxılıb, gələcək əməkdaşlıq istiqamətləri və növbəti dövr üçün fəaliyyət prioritetləri müəyyənləşdirilib.






