QMİ sədri “Dinlər Sülh Uğrunda” təşkilatının toplantısında iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Mavriki Respublikasına səfərə yola düşür.
Məqsəd “Dinlər Sülh Uğrunda” təşkilatının Ümumdünya Şurasının iyunun 23-26-da Mavrikidə keçiriləcək “Müştərək mübarək tərəqqiyə doğru yolların qurulması” mövzusunda toplantısında iştirak etməkdir.
Səfər “Dinlər Sülh Uğrunda” təşkilatının baş katibi Dr.Frensis Kurianın dəvəti ilə baş tutur. Şeyxülislam 2025-ci ildə “Dinlər Sülh Uğrunda” təşkilatının Ümumdünya Şurasının həmprezidenti seçilib və builki toplantıda məhz bu statusda iştirak edəcək.
A.Paşazadə toplantının açılışında çıxış edəcək, “Süni intellekt – insan hüquqları, ləyaqəti və süni intellektin çoxdinli perspektivləri” sessiyasında moderator olacaq.
Beynəlxalq tədbir çərçivəsində QMİ sədrinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.
Qeyd edək ki, yarım əsrdən artıq tarixə malik olan “Dinlər Sülh Uğrunda” təşkilatı dünyanın ən böyük və çoxşaxəli beynəlxalq dinlərarası sülhməramlı qurumudur.






