Azərbaycan diasporu Dneprdə tarixi məscidin müsəlmanlara qaytarılması üçün danışıqlar aparır

Ukraynanın Dnepr şəhərində ötən əsrin əvvəllərində müsəlmanlar tərəfindən inşa edilmiş tarixi məscidin dindarların istifadəsinə verilməsi üçün Dnepr şəhər meri ilə danışıqlar davam etdirilir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Dneprdə yaşayan Azərbaycan diasporunun fəalı, tarixçi-alim Eldar Tağıyev məlumat verib.
O bildirib ki, 1911-ci ildə Yekaterinaslav (indiki Dnepr) səhərində inşa edilmiş məscid, əvvəlki illərdəki bütün cəhdlərə baxmayaraq, müsəlman icmasına qaytarılmır.
“Dnepr şəhər rəhbərliyi hələ 12 il öncə müsəlman icmasına məscidin qaytarılmasına söz versə də, hələ də bu problem öz həllini tapmır. Binadan uşaq idman bazası kimi istifadə edilir. Minarəsi sökülüb. Tikili şəhərin mərkəzində, müasir stadionun yanında yerləşir”, – deyə Eldar Tağıyev əlavə edib.
Soydaşımız qeyd edib ki, Dneprdə polyaklara, yəhudilərə və almanlara məxsus dini ocaqlar özlərinə qaytarılsa da, hələ də tarixi məscid müsəlmanların istifadəsinə verilmir.
“İnanırıq ki, Azərbaycan və Ukrayna arasındakı dost, strateji münasibətlər fonunda problem tezliklə həllini tapacaq”, – deyə Eldar Tağıyev əlavə edib.






