
Almaniyada müsəlmanlara qarşı ayrı-seçkilik və zorakılıq halları artmaqdadır.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, İslam dininə və müsəlmanlara qarşı düşmənçiliyə qarşı fəaliyyət göstərən CLAIM şəbəkəsinin hesabatına əsasən, 2025-ci ildə ölkədə müsəlmanlar əleyhinə 4096 irqçilik hadisəsi qeydə alınıb.
Hesabatda bildirilir ki, qeydə alınan halların 214-ü fiziki xəsarətlə nəticələnən hücumlar olub. Sənəd 15 federal əyalətdə fəaliyyət göstərən 38 məsləhət və müraciət mərkəzinin məlumatları əsasında hazırlanıb. Bununla yanaşı, siyasi motivli cinayətlərə dair statistika, polis məlumatları və media xəbərləri də araşdırmaya daxil edilib.
CLAIM təşkilatı real göstəricilərin daha yüksək olduğunu bildirir. Hesabata görə, xüsusilə məktəblərdə, eləcə də dövlət qurumları və polis orqanları ilə təmas zamanı zərərçəkənlərin hadisələri bildirməsi üçün ciddi maneələr mövcuddur.
Müqayisə üçün qeyd olunur ki, 2024-cü ildə 13 federal əyalətdə fəaliyyət göstərən 26 tərəfdaş qurum tərəfindən 3080 belə hadisə sənədləşdirilib. Bununla belə, təşkilat məlumat bazasının genişləndirilməsi səbəbindən illər üzrə göstəricilərin birbaşa müqayisəsinin doğru olmadığını vurğulayıb.






