Elxan Nağıyev: Aşura günü ilə bağlı qanvermə aksiyasında günortaya kimi 1701 donor iştirak edib

Aşura günü ilə bağlı ölkə üzrə keçirilən könüllü qanvermə aksiyası çərçivəsində indiyədək 1701 donor qan verib.
Bunu Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev AZƏRTAC – a açıqlamasında deyib.
Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən aksiya respublikanın 30 şəhər və rayonunda, ümumilikdə 40 məntəqədə təşkil olunub.
E.Nağıyev bildirib ki, aksiyanın əsas məqsədi talassemiya, hemofiliya və digər hematoloji xəstəliklərdən əziyyət çəkən insanların müalicəsi üçün qan ehtiyatının formalaşdırılması və onların qan komponentləri ilə təmin edilməsidir.
İcraçı direktor qeyd edib ki, toplanan qan nümunələri Respublika Qan Bankının laboratoriyalarında müayinədən keçirilir, virus infeksiyalarına qarşı yoxlanılır, təhlükəsizliyi təsdiqləndikdən sonra emal edilərək müalicə müəssisələrinə göndərilir.
Elxan Nağıyev vətəndaşların aksiyaya göstərdikləri fəallığı yüksək qiymətləndirərək bildirib ki, bu cür humanitar təşəbbüslər ölkədə könüllü donor hərəkatının inkişafına və qana ehtiyacı olan xəstələrin müalicəsinə mühüm töhfə verir.






