AzərbaycanXəbərlər

Naxçıvanda Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyasında 352 könüllü donor iştirak edib

İyunun 25-də Məhərrəm ayının 10-cu günü — Aşura günü münasibətilə Naxçıvanda ənənəvi qanvermə aksiyası təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya humanizm, mərhəmət və yardımlaşma dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb.

Qanvermə aksiyası Naxçıvan şəhərində yerləşən Heydər, Sarvanlar və Pirqəmiş məscidlərində, eləcə də muxtar respublikanın rayon mərkəzi xəstəxanalarında və kənd həkim məntəqələrində təşkil olunub. Aksiya zamanı donor olmaq üçün müraciət edən vətəndaşlar ilkin tibbi müayinədən keçirilərək sağlamlıq göstəriciləri qiymətləndirilib, qan verməyə uyğun olan şəxslərdən qan götürülüb.

Aksiyada ümumilikdə 352 nəfər könüllü donor iştirak edib. Naxçıvan şəhərində Heydər məscidində 63, Sarvanlar məscidində 27, Pirqəmiş məscidində 24, Babək rayonunda 56, Ordubadda 30, Culfada 24, Bənəniyar kəndində 18, Şahbuzda 27, Kəngərlidə 25, Sədərəkdə 18, Şərurda isə 40 nəfər qan verib.

Toplanan 176 litr qan ehtiyatı hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində, həmçinin təcili tibbi yardıma ehtiyacı olan xəstələrin sağlamlığının qorunmasında istifadə olunacaq.

Qeyd edək ki, Aşura günü münasibətilə keçirilən bu cür aksiyalar cəmiyyətdə sosial həmrəyliyin möhkəmlənməsinə, könüllü donor hərəkatının genişlənməsinə və ehtiyacı olan insanlara həyat bəxş edilməsinə mühüm töhfə verir.

Daha çox göstər
Back to top button