AzərbaycanXəbərlər

Şeyxülislam: İslam sivilizasiyasının qorunması istiqamətində birgə fəaliyyət əhəmiyyətlidir

Özbəkistanda keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumunun üçüncü günü Səmərqənd şəhərinin İmam Buxari Memorial Kompleksində davam edib.

Forumun rəsmi hissəsindən əvvəl qonaqlar İmam Buxari Memorial Kompleksini ziyarət ediblər. Onlara kompleks barədə ətraflı məlumat verilib.

Sonra QMİ sədri şeyxülislam Allahşükür Paşazadə və onun rəhbərlik etdiyi nümayəndə heyəti memorial kompleksdə namaz qılıb.

Forum çərçivəsində çıxış edən şeyxülislam Allahşükür Paşazadə Azərbaycan ilə Özbəkistan arasında qardaşlıq münasibətlərini, iki ölkə liderlərinin dostluğunu qeyd edib, İslam sivilizasiyasının qorunması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. O, Özbəkistanda dini-mədəni irsin qorunması və İslam elminin inkişafı sahəsində həyata keçirilən işləri yüksək qiymətləndirib. Türk Dövlətləri Təşkilatı çərçivəsində dini liderlərin əməkdaşlığının əhəmiyyətini vurğulayan Allahşükür Paşazadə növbəti görüşün sentyabr ayında Bakıda keçiriləcəyini və Seyyid Yəhya Bakuvinin irsinə həsr olunmuş Beynəlxalq Konfransın təşkilinin planlaşdırıldığını bildirib.

Sonda o, İmam Buxari, İmam Tirmizi və İmam Maturidi kimi böyük İslam mütəfəkkirlərinin irsinin dünya miqyasında tanıdılması istiqamətində Özbəkistanın fəaliyyətini yüksək qiymətləndirərək, bu işə töhfə verən bütün qurumlara təşəkkür edib.

Xatırladaq ki, beynəlxalq forum işini davam etdirir.

Daha çox göstər
Back to top button