AzərbaycanXəbərlər

Mərkəzi Bank “Tənzimləmə və İdarəetmə Mükəmməlliyi Mükafatı”na layiq görülüb

Azərbaycan Mərkəzi Bankı (AMB) Əl-Huda İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzi tərəfindən Daşkənd şəhərində təşkil olunan “5-ci MDB İslam Bankçılığı və Maliyyə Forumu” çərçivəsində İslam maliyyəsinin inkişafı və tənzimlənməsi sahəsində nümayiş etdirdiyi fəaliyyətə görə “Tənzimləmə və İdarəetmə Mükəmməlliyi Mükafatı”na layiq görülüb.

AMB-dən AZƏRTAC-a bildirilib ki, mükafatı qəbul edən Mərkəzi Bankın Maliyyə sektorunun inkişafı şöbəsinin rəisi Nərgiz Şirəliyeva ölkədə İslam maliyyəsinin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər, formalaşdırılan tənzimləyici çərçivə və prioritetlər barədə çıxış edib. O, ölkədə İslam bankçılığının mövcud infrastrukturun tərkibi kimi inkişafı istiqamətində həyata keçirilən təşəbbüslərdən, İslam maliyyəsinin maliyyə inklüzivliyinin genişləndirilməsi, məhsul müxtəlifliyinin artırılması və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsi baxımından əhəmiyyətindən danışıb.

Qeyd edək ki, forumun məqsədi tənzimləyici qurumların və maliyyə institutlarının nümayəndələrini, investorları, akademik dairələri, şəriət alimlərini və sənaye ekspertlərini bir araya gətirməklə İslam bankçılığı və maliyyəsinin inkişaf perspektivlərini, mövcud çağırışları və əməkdaşlıq imkanlarını müzakirə etmək olub.

Daha çox göstər
Back to top button