İçərişəhərdə Azərbaycanın ilk Numizmatika Muzeyi fəaliyyətə başlayıb

İyulun 17-də XII əsrə aid tarixi memarlıq abidəsi olan İçərişəhərdəki Aşur məscidində Numizmatika Muzeyinin açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. R.Mahmudun sözlərinə görə, muzeyin yaradılması ilə bağlı qərar qəbul edildikdən sonra bu sahəyə böyük marağın şahidi olublar.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev çıxışında bildirib ki, yeni muzey ölkənin maddi-mədəni irsinin qorunmasına verilən mühüm töhfədir.

“İçərişəhər” Muzey Mərkəzinin direktor müavini Nahidə Bəkirova bildirib ki, əsas məqsəd yalnız nadir eksponatları nümayiş etdirmək deyil, həm də bu zəngin irsi elmi cəhətdən araşdırmaq, gənclərdə və xarici qonaqlarda Azərbaycan tarixinə marağı artırmaqdır.

Daha sonra çıxış edən muzeyin fond işləri üzrə mütəxəssisi Şahin Əliyev bildirib ki, Numizmatika Muzeyində antik dövrdən müasir dövrədək Azərbaycanın dövlətçilik tarixini, ticarət əlaqələrini və pul dövriyyəsini əks etdirən nadir sikkələr nümayiş olunur.

Daha sonra Muzeyin konsepsiyasını, ekspozisiyasını əks etdirən videoçarx nümayiş olunub.

Sonda qonaqlar Numizmatika Muzeyi ilə tanış olub, ekspozisiyada nümayiş etdirilən nadir sikkələrə baxış keçiriblər.

Ölkə əhəmiyyətli memarlıq abidəsi olan bu məkanda təşkil edilən ekspozisiyada e.ə. III əsrdən eramızın XX əsrinədək olan geniş tarixi dövrü əhatə edən sikkələr nümayiş etdirilir. Muzeyin numizmatika fonduna aid ümumilikdə 200-dən çox sikkə ekspozisiyada nümayiş olunur. Bu kolleksiya ekspozisiyanın elmi-tarixi əhatə dairəsinin genişləndirilməsinə, numizmatik materialların məzmun və xronoloji baxımdan daha da zənginləşdirilməsinə xidmət edir.

Exit mobile version