AzərbaycanXəbərlər

Azərbaycana rəqəmsal İslam maliyyəsinin inkişafı üzrə üçmərhələli yol xəritəsi təklif olunub

Süni intellektə əsaslanan maliyyə agentlərinin tətbiqi Azərbaycanda İslam maliyyə xidmətlərinin hazırlanmasına, göstərilməsinə və monitorinqinə yanaşmaları köklü şəkildə dəyişə bilər.

“Report” xəbər verir ki, bu barədə “Khalif AI”nin İslam maliyyəsi üzrə direktoru, “PayZakat”ın baş direktoru və həmtəsisçisi Bəhnam Qurbanzadənin “Islamic Finance News” jurnalındakı “Azərbaycanda İslam maliyyəsi və süni intellekt əsaslı maliyyə agentləri” adlı məqaləsində bildirilib.

Məqalədə vurğulanıb ki, Azərbaycan Xəzər regionu, Türkiyə, MDB ölkələri və Mərkəzi Asiyanın kəsişməsində yerləşməklə, eləcə də Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərin bazarları ilə üzvi iqtisadi əlaqələri qoruyub saxlamaqla unikal strateji mövqe tutur.

B. Qurbanzadə qeyd edib ki, Azərbaycanın maliyyə sisteminin dayanıqlı makromaliyyə sabitliyi İslam maliyyə alətlərinin təşviqində həlledici rol oynayır:

“O, sukuk (İslam istiqrazı) kimi aktivlərlə təmin olunmuş yeni alətlərin işə salınması, şəriət tələblərinə cavab verən məhsulların sınaqdan keçirilməsi və ən əsası, ənənəvi bank sisteminin dayanıqlığı üçün təhlükə yaratmadan İslam maliyyələşdirilməsinin genişləndirilməsini təmin edə bilən süni intellekt inteqrasiyalı fintex-platformalar üçün etibarlı mühit formalaşdırır”.

Ekspert bildirib ki, Azərbaycanda halal iqtisadiyyat yalnız maliyyə xidmətlərindən qat-qat geniş bir spektri əhatə edir: “Prioritet artım istiqamətləri arasında aqrobiznes və qida istehsalı, ixrac sertifikatlaşdırılması, turizm və mehmanxana sənayesi, əczaçılıq sahəsi, kosmetik məhsullar, eləcə də məişət xidmətləri sahəsi fərqlənir. Maliyyə sektoru isə bu zaman dövriyyə kapitalına, ticarət maliyyələşdirməsinə, ödəniş əməliyyatlarına və transsərhəd hesablaşmalara dəstək təmin edərək bütün dəyər zənciri boyunca üfüqi katalizator rolunu oynayır”.

Daha çox göstər
Back to top button