Sumqayıtda din xadimləri üçün seminar-treninq keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə avqustun 26–27-də Sumqayıt şəhərində din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək.
“Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” mövzusunda təşkil olunacaq təlimlərin əsas məqsədi dini maarifləndirmə işinin daha səmərəli qurulması üçün din xadimlərinin bilik və bacarıqlarının artırılması, həmçinin fəaliyyətlərinin çağdaş dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilməsidir.
Seminar-treninq çərçivəsində “Dini radikalizmlə mübarizədə din xadimlərinin missiyası”, “Dialoq mədəniyyəti və dini-mənəvi xidmət”, “Din xadimlərinin fəaliyyətində səmərəliliyin artırılması” və “Sosial media və dini maarifləndirmə” mövzularında müzakirələr keçiriləcək.
İkigünlük təlimlər zamanı ilahiyyatçı və ekspertlərin məruzələri dinləniləcək, dini radikalizmlə mübarizədə din xadimlərinin rolu, radikal meyillərə qarşı dini icmalarda maarifləndirmə işinin əhəmiyyəti, sağlam dini dünyagörüşünün formalaşdırılması barədə fikir mübadiləsi aparılacaq. Bununla yanaşı, müxtəlif sosial qruplarla effektiv ünsiyyətin qurulması, qarşılıqlı hörmət və anlaşma mühitinin formalaşdırılması kimi mühüm məsələlərə diqqət yetiriləcək. Rəqəmsal mühitdə dini maarifləndirmə imkanları, eləcə də din xadimlərinin bu istiqamətdə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı praktiki nümunələr əsasında təhlillər aparılacaq.
Qeyd edək ki, din xadimlərinin peşəkarlığının artırılmasına yönəlmiş təlimlərin növbəti mərhələlərdə Şamaxı və Mingəçevir şəhərlərində də keçirilməsi nəzərdə tutulur.






