Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Bibiheybət məscidini ziyarət edib

Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti Bibiheybət məscidini ziyarət edib.
“Report” xəbər verir ki, ziyarət zamanı qonaqlara Bibiheybət ziyarətgah kompleksi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə keçirilən səfər “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsindədir.
Səfərdə Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən 50-yə yaxın azərbaycanlı din xadimi iştirak edir.
Səfərin məqsədi milli-mənəvi dəyərlərin qorunması, xaricdə yaşayan soydaşların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.
Səfər proqramının ilk mərhələsində nümayəndə heyəti Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk Şəhidliyi abidəsi ilə tanış olub.






