Gəncədə Aleksandr Nevski adına Rus-Pravoslav Kilsəsinin 139 illiyi qeyd olunub

Gəncədə yerləşən Aleksandr Nevski adına Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən Regional bölməsinin və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov, eləcə də şəhərdə yaşayan pravoslav xristianlar iştirak ediblər.
Mərasim zamanı dini ayinlər icra olunub. Ayinə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov rəhbərlik edib.
Yepiskop Aleksiy çıxışında Azərbaycanda yaşayan pravoslav xristianların dövlətin xalqlar və dinlərarası münasibətlər sahəsində həyata keçirdiyi siyasəti yüksək qiymətləndirdiklərini bildirib. “Bu yaxınlarda Moskva və bütün Rusiyanın Patriarxı Kirillin də dediyi kimi, Azərbaycan dünya üçün tolerantlığın, çoxkonfessiyalılığın və müxtəlif xalqların birgə yaşayışının nümunəsidir”, – deyə o qeyd edib.
Qeyd edək ki, Aleksandr Nevski adına Rus-Pravoslav Kilsəsi Gəncə şəhərində 1887-ci ildə inşa edilib və Bakı Yeparxiyasının tabeliyində fəaliyyət göstərir.

Exit mobile version