Ermənistandakı revanşist qüvvələr Qafqaz Albaniyası kimi, Alban-Udi anlayışından da çox narahat olurlar.
Bunu sentyabrın 21-də Alban-Udi xristian dini icması üzvlərinin Gəncəsər monastırını ziyatəti çərçivəsində jurnalistlərə açıqlamasında icmanın rəhbəri Robert Mobili deyib.
Onun sözlərinə görə, icma nümayəndələrinin Gəncəsər monstırını ziyarəti və məbəddə ibadət etmələri çox əhəmiyyətli hadisədir:
“Çox əlamətdardır ki, dünən Azərbaycanın Dövlət Suverenliyi günü qeyd olunub. Bu gün isə müqəddəs Məryəm Ananın mövlud günü və Beynəlxalq Sülh günüdür. İndiyə qədər işğaldan azad olunmuş ərazilərdəki bir çox kilsələrdə olaraq ibadət etmişik, şamlar yandırmışıq. Qafqaz Albaniyasının bir mirvarisi olan Gəncəsər Monastır Kompleksini isə ilk dəfə ziyarət etdik”.
R.Mobili Azərbaycanın azad edilmiş ərazilərindəki kilsələrin birmənalı olaraq Alban məbədləri olduğunu bildirib:
“Ermənistandakı revanşist qüvvələr Qafqaz Albaniyası kimi, Alban-Udi anlayışından da çox narahat olurlar. Həqiqət ondan ibarətdir ki, Azərbaycanın azad edilmiş ərazilərindəki kilsələr birmənalı olaraq Alban məbədləridir. Bu irsin tək varisi Azərbaycan dövlətidir. Çox sevindiricidir ki, əhalisinin 95 faizi müsəlman olan Azərbaycanda bizə çox böyük sayğı ilə yanaşılır. Azərbaycan xalqının tolerantlığı, ölkənin sağlam dini mühiti bizə böyük mənəvi güc verir”.
