Din xadimləri üçün terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair təlim təşkil olunub

Sentyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Biləsuvarda “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda təlim keçirilib.

Təlimdə təqdimatla çıxış edən DQİDK-nın Şirvan-Salyan regional bölməsinin müdiri Sənan Xəlilov mövzunun hüquqi, ideoloji və praktiki aspektlərinə toxunub. O, terrorçuluğun müxtəlif təzahür formaları və ideoloji kökləri barədə məlumat verərək, onun maliyyələşdirilməsinə görə nəzərdə tutulan hüquqi məsuliyyət mexanizmləri barədə danışıb. Bölmə müdiri, həmçinin gənclərin radikal cərəyanların təsirindən qorunmasında din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü deyib.

Daha sonra çıxış edən DQİDK-nın Dini məsələlər üzrə şöbəsinin müdir müavini Samir Yoldaşov terrorçuluğun ictimai təhlükəsizliyə qarşı yönəlmiş beynəlxalq cinayət olduğunu  diqqətə çatdırıb. O, dini qurumların maliyyə fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin edilməsinin əhəmiyyətini də vurğulayıb. Bildirib ki, risklərin qiymətləndirilməsi dini icmaları hüquqi və maliyyə təhlükəsizliyi baxımından qorumaq məqsədi daşıyır.

Məruzəçi ianələrin uçotunun aparılması, maliyyə resurslarının təyinatı üzrə istifadəsi, eləcə də səlahiyyətli dövlət orqanları ilə sıx əməkdaşlığın vacibliyinə toxunub. Təlimdə dini radikallaşmanın və yanlış təfsirlərin qarşısının alınmasında düzgün dini maarifləndirmənin rolundan da bəhs edilib.

Din xadimləri və icma sədrlərinin iştirakı ilə keçirilən təlim qarşılıqlı müzakirələrlə yekunlaşıb.

↑
Exit mobile version