XV əsr İslam fəlsəfəsinin görkəmli nümayəndələrindən biri olan Seyid Yəhya Bakuvinin yaradıcılığı təkcə öz dövründə deyil, sonrakı əsrlərdə də dini-fəlsəfi baxışların inkişafına mühüm təsir göstərib. Xəlvətilik təriqətinin “Piri-sani”si kimi qəbul edilmiş Seyid Yəhya Bakuvi öz təsəvvüfi görüşləri ilə Bakını İslam dünyasının mənəvi mərkəzlərindən birinə çevirib.
AZƏRTAC Seyid Yəhya Bakuvinin mənəvi-fəlsəfi görüşlərinə və bu irsin müasir dövr üçün aktuallığına nəzər salır.
Bir yuxudan başlayan böyük yol
Şamaxıda dünyaya göz açmış Yəhya əs-Şirvani Seyid nəslindədir. Atası yeddinci imam Musa Kazımın soyundan olub. Yəhya yaşlarından şəriət elmlərinə və təriqət sirlərinə maraq göstərib. Şeyx Sədrəddinin müridi və kürəkəni olub.
Rəvayətə görə, Seyid Yəhya yuxusunda ətəyinə bir qədər buğda alıb diyarbədiyar gəzərək, Şərqə, Qərbə, Ərəbə və Əcəmə səpdiyini görübmüş. Şeyx Sədrəddin onun bu yuxusunu çoxlu xəlifələrinin olacağına və nurlu fikirlərini yayacağına işarə kimi yozubmuş.
Şeyx Sədrəddin vəfatından öncə öz yerinə Seyid Yəhyanın namizədliyini təklif edib. Lakin Şeyxin vəfatından sonra müridlər Pirzadənin böyük kürəkən, həmçinin daha təcrübəli olduğunu əsas götürərək onu Şeyxin məqamına seçiblər.
Mərhum filoloq-alim Nəzakət Məmmədli “Azərbaycandan dünyaya doğan günəş. Seyid Yəhya Şirvani və xəlvətilik” kitabında yazır ki, bu hadisədən sonra Seyid Yəhya Bakıya gəlib. O zaman Şirvanşah Xəlilullah dövlətin paytaxtını Şamaxıdan Bakıya köçürmüşdü. O, Seyid Yəhyaya mürid olur. Bakıda ona Keyqubad məscidini tikdirir və Seyid Yəhya orada müridlərin təlim-tərbiyəsi ilə məşğul olur.
Xəlvətilik təriqətinin Piri-sanisi
Mənbələrə görə, Seyid Yəhya Bakuvi 40 il mürşid kimi fəaliyyət göstərib və 20 min müridi olub. Bu müridlərin 360-na xilafət verilib və onlar dünyanın müxtəlif yerlərində xəlvətiliyi yayıblar. Azərbaycan və Anadolunun müxtəlif bölgələrindən Seyid Yəhyanın yanına mürid olmaq üçün gəlirmişlər. Bəhaəddin Ərzincani, Dədə Ömər Rövşəni, Həbib Qaramani, Pir Şükrüllah Ənsari, Ziyaəddin Yusif Muskuri, Pirzadə Nəsrullah və başqaları onun müridləri olub.
Ömər əl-Xəlvəti (XIV əsr) ilə başlamış xəlvətilik Seyid Yəhya Bakuvi tərəfindən Anadolu, Balkan yarımadası, Suriya, Afrika və Cənubi Asiya ölkələrinə qədər yayılıb. O, xəlvətilik təriqətinin Piri-sanisi (ikinci böyük mürşidi) kimi məşhur olub. Əsərlərini fars, ərəb və türk dillərində yazıb. Yaradıcılığına “Ətvarül-qəlb”, “Qəzəliyyat”, “Kəşfül-qülub”, “Qisseyi-Mənsur”, “Kitabül-vüdu”, “Məkarimi-əxlaq”, “Şifaül- əsrar”, “Təsərrufatü mükaşəfat”, “Virdü-Səttar” və digər əsərlər daxildir.
“Şifaül-əsrar” və ya təsəvvüf ensiklopediyası
Seyid Yəhya Bakuvinin ana dilində yazdığı “Şifaül-əsrar” əsərində Quran ayələrinə və hədislərə əsaslanaraq təsəvvüf ideyaları əksini tapıb. Əsərdə “İbadət yolunun məşəqqətləri”, “Elmin və alimin fəzilətləri”, “Təsəvvüf yoluna girmək”, “Sufilərin məqamları”, “Halal tikə və könül paklığı”, “Məhəbbət, eşq və şövq” və digər məsələlər açıqlanıb.
Müəllif əsərdə namazın həqiqətini anladır: “Namaz qılan Rəbbi ilə danışır”. Daha sonra zəkat, həcc, oruc, qüsl və s. barədə fikirlərini əks etdirir. Əsərdə, həmçinin ibrət və qeyrət, təharət və zahir, səadət və şərəf və digər anlayışlar izah edilib.
Seyid Yəhyanın fikrincə, xəlvət bütün düşüncələrdən uzaqlaşıb ancaq Allahın zikri ilə məşğul olmaqdır. Əsərdə kamil mürşidin sifətləri açıqlanır, həqiqətə gedən yolda bir mürşidə tabe olmağın əhəmiyyəti və vacibliyi vurğulanır.
Mərhum folklorşünas-alim Nəzakət Məmmədli yazır: “Şifaül-əsrar” əsərini bir təsəvvüf ensiklopediyası adlandırsaq səhv etmərik. Din və təsəvvüfün elə bir məsələsi yoxdur ki, bu əsərdə əks edilməsin. İbn Ərəbi, İmam Qəzali, Hakim Tirmizi, İbn Sina və s. kimi İslam alimlərinin, Şibli, Cüneyd Bağdadi, Həsən Bəsri və s. kimi övliyaların fikirləri, peyğəmbərlərin həyatı barədə rəvayətlər, “Qurani-Kərim” qissələri və hədislər əsərin elmi dəyərini daha da artırır”.
Qəlblərin kəşfi – Əql, Qəlb, Ruh, Nəfs
Seyid Yəhya insanın yaranmasını Allahın möcüzəsi olduğunu yazır. Onun fikrincə, Allah Əql, Qəlb, Ruh və Nəfsi insanın vücudunda toplayaraq bunların hər birinə ayrı-ayrılıqda elm və mərifət bəxş edib ki, onunla Haqqı tanısınlar. O, “Kəşfül-qülub” əsərini “Kim özünü tanıyarsa, Allahını da tanıyar” hədisinə uyğun olaraq insanı tanımağa həsr edib. Müəllifin fikrincə, elm və əqli təsəvvürlərlə Allahı dərk etmək mümkün deyil. Bu işə yalnız saf, cismani tozlardan təmizlənmiş könül aynası gərəkdir.
İlahi ilhamla qələmə alınmış “Virdi-Səttar”
Seyid Yəhya Bakuvinin yaradıcılığında ərəb dilində yazılmış “Virdi-Səttar” əsəri də xüsusi yer tutur. Əsərdə dini-vird mətninin poetik ifadə imkanları geniş şəkildə özünü göstərir.
Vird Allah-taalanın Səttar (eyibləri örtən, gizləyən) adı ilə başladığı üçün əsərə bu ad verilib. Allah-taalanın tövhid, qüdrət və əzamətini ön plana çıxaran, Yaradana sevgi və pərəstiş ifadə edən bir üslubda yazılması onun geniş miqyasda sevilməsinə və yayılmasına səbəb olub. Əsrlərdən bəri bu virdə çoxlu sayda şərhlər yazılıb.
Mənəvi kamillikdən bəşəri həmrəyliyə
Haqq dini olan İslamı insanlara olduğu kimi təbliğ etmək yönündə böyük səylər göstərmiş Seyid Yəhya Bakuvinin təsəvvüf fəlsəfəsi əsasən mənəvi kamillik, insan qardaşlığı, tolerantlıq və bəşəri həmrəylik prinsiplərinə əsaslanır.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2013-cü ilin UNESCO tərəfindən “Seyid Yəhya Bakuvi ili” elan olunub.
Bu il sentyabrın 14-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın plenar iclası keçirilib. Seyid Yəhya Bakuvinin irsi dünyada sülh və əmin-amanlıq üçün Azərbaycandan bəşəriyyətə doğan bir Günəş kimidir. Müharibələrin, münaqişələrin artdığı indiki dövrdə onun irsinin təbliğinə daha böyük ehtiyac yaranıb. Seyyid Yəhya Bakuvi irsi yalnız Azərbaycan üçün deyil, bütövlükdə İslam sivilizasiyasının mənəvi sərvətlərindən biri kimi milli kimliyin, mənəvi suverenliyin və ortaq dini-irfani irsin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
