Qarabağda alban-qıpçaq irsinə dair araşdırmada kilsələrin tarixinə obyektiv yanaşılır və bu xristian abidələrinin erməni irsi ilə bağlı olmadığını təsdiqləyən faktlar təqdim olunur.
Bu barədə AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev deyib. O qeyd edib ki, Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan da əvvəl yayılmışdı. Bunun nəticəsidir ki, xristian məbədlərinin daha erkən dövrə aid olanları məhz yerli əhalinin qədim inanc mərkəzlərinin – tapınaqların, ziyarətgahların, qurbangahların üzərində inşa edilmişdir.
Eramızın ilk əsrində “Şərq kilsələrinin anası” adlandırılan Albaniyanın müqəddəs Kiş məbədi Şəkidə – qədim Sak məskənində yerli türk boylarına aid ziyarətgahın üzərində inşa edilmişdir.
Tarixçi bildirib ki, Xilafət işğalları zamanı ölkəmizdə dini ayrılıq baş verib: çoxluq təşkil edən türk-müsəlman əhali və azlıq təşkil edən türk-xristian albanlar. Elə bu vaxtdan da erməni və gürcü kilsələrinin Albaniyanın qərbində yaşayan xristian-alban əhalini öz dini-siyasi və etnik təsir dairələrinə salmaq uğrunda mübarizəsi üçün daha əlverişli şərait yaranıb.
Onun sözlərinə görə, zaman keçdikcə Alban kilsəsinin mövqeyi zəiflədikcə Qarabağın dağlıq bölgələrinin xristian-alban əhalisinin bir hissəsinin qriqoriyanlaşdırılmasına, daha sonra isə erməniləşdirilməsinə başlanıb.
“İşğalçılar Azərbaycanla bağlı ərazi iddialarını reallaşdırmaq üçün xristianlığı qəbul etmiş qıpçaq türklərindən də istifadə edirdilər. Cənubi Qafqaza sel kimi axışıb gələn çoxsaylı qıpçaq türklərinin bir hissəsi islamı qəbul etdi, islamı qəbul etməyən xristian qıpçaqların tarixi isə öyrənilməyərək qalır”, – deyə E.Nəciyev vurğulayıb.
