Az.shafaqna.com xəbər verir ki, Qırğızıstan ilk dəfə öz peykini kosmosa buraxmağa hazırlaşır.
Aparatın buraxılışı oktyabrın 1-i həyata keçiriləcək.
Peykin hazırlanmasına və istehsalına “Qırğız elektronika” müəssisəsi tərəfindən təxminən 2,5 il vaxt sərf olunub. Aparatın çəkisi 5 kiloqramdır, onun dəyəri isə 10–12 milyon som qiymətləndirilir. Peykin hazırlanmasında Qırğızıstan tərəfindən 10 mühəndis iştirak edib.
Peyk yüksək ayırdetmə qabiliyyətinə malik kameralarla təchiz olunub və digər məqsədlərlə yanaşı, kənd təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulub. Kosmosdan əldə edilən məlumatlar şaxta və quraqlıq təhlükəsini izləməyə, həmçinin məhsuldarlığın artırılması məqsədilə peyk görüntülərindən istifadə etməyə imkan verəcək.
“Qırğız elektronika”nın direktoru İlya Çernı bildirib ki, aparatın hazırlanması zamanı əsasən Rusiya texnologiyalarından istifadə olunub. Onun sözlərinə görə, bu cür həllərin sıfırdan hazırlanması uzun illər tələb etdiyindən belə bir yanaşmaya üstünlük verilib.
Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Erlis Akunbekov peykin hazırlanmasını ölkə və “Qırğız elektronika” müəssisəsi üçün yeni texnoloji mərhələ adlandırıb.
