Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilir. Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, gənc din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər. Konfransın əsas məqsədi gənclərin mənəvi dünyagörüşünün zənginləşdirilməsi, onların milli-mənəvi dəyərlərə və vətənpərvərlik ideallarına bağlılığının gücləndirilməsi, habelə bu prosesdə ailə, təhsil və cəmiyyətin rolunun müzakirəsidir.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Həmişə bizimləsiniz!” adlı qısametrajlı sənədli film nümayiş etdirilib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərlə görüşlərində milli-mənəvi dəyərlərin qorunması və təbliğinin əhəmiyyətinə dəfələrlə toxunduğunu bildirib. Bu istiqamətin müvafiq dövlət proqramlarında və gənclər strategiyasında da əks olunduğunu deyib. Nazir milli-mənəvi dəyərlərin təbliğində konfrans və forumların roluna diqqət çəkərək, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, gənclərlə iş sahəsində fəaliyyət göstərən şəxslərin bu cür müzakirələrdə iştirakının vacibliyini xüsusi olaraq qeyd edib. Fərid Qayıbov konfrans çərçivəsində səmərəli fikir mübadiləsinin aparılacağına və aktual məsələlərin müzakirə ediləcəyinə əminliyini ifadə edib. O, gənclərin tariximizi dərindən öyrənərək, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamalarının və gələcək nəsillərə ötürmələrinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması yalnız ənənələrin sonrakı nəsillərə ötürülməsi deyil, həm də gələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər və düşüncə modeli üzərində qurulması məsələsidir. Ramin Məmmədov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində gənclər siyasəti xüsusi yer tutub. Ulu Öndərin gənclərin milli ruhda və milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması ilə bağlı siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir çağırışlar nəzərə alınmaqla davam etdirildiyini vurğulayıb.
Komitə sədri Yeni Azərbaycan Partiyasının VIII Qurultayında dövlət başçısının milli dəyərlərin, ənənələrin və həyat tərzinin yaşadılmasının vacibliyi ilə bağlı mesajlarının müasir milli-mənəvi tərbiyə siyasəti baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, əsas məqsəd öz tarixini anlayan, dövlətinin əldə etdiyi nailiyyətlərin hansı proseslərin və hansı nəsillərin səylərinin nəticəsi olduğunu dərk edən vətəndaş yetişdirməkdir. Gənclərin dini biliklərinin düzgün, sağlam və etibarlı mənbələr əsasında formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın dövlət-din münasibətləri modelinin mühüm xüsusiyyətlərindən biri də bundan ibarətdir ki, dövlət bütün dini etiqadlara hörmətlə yanaşır, dini etiqad azadlığını təmin edir və eyni zamanda cəmiyyətin dünyəvi xarakterini qoruyur. O vurğulayıb ki, milli-mənəvi dəyərlərin formalaşmasında ailə və təhsil institutları ilə yanaşı, artıq üçüncü və əhəmiyyətli bir mühit — informasiya məkanı xüsusi rol oynayır. Rəqəmsal texnologiyalar, sosial media və süni intellektin sürətli inkişafı ideoloji təsirlərin yayılma imkanlarını genişləndirdiyindən, müasir dövrdə yalnız informasiya təhlükəsizliyi deyil, düşüncə təhlükəsizliyinin təmin olunması da strateji əhəmiyyət kəsb edir.
Ramin Məmmədov həmçinin, gənclərin ideoloji risklərdən qorunması və mənəvi-ideoloji maarifləndirilməsi istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Gənclər və İdman Nazirliyi arasında əməkdaşlığın prioritet istiqamətləri barədə fikirlərini də diqqətə çatdırıb.
Konfrans “Ailə, təhsil və cəmiyyət: gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət” və “Müasir informasiya mühitində gənclərin rəqəmsal savadlılığı və milli dəyərlər” mövzularında panel müzakirələri ilə davam edir.
