Son dövrlərdə süni intellektə əsaslanan rəqəmsal bankçılıq dünyada sürətlə inkişaf edir. Bu proses İslam bankçılığı və İslam maliyyəsinin inkişafı ilə bağlı yeni imkanlar və müasir çağırışlar yaradır. Süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi İslam maliyyəsinin inkişafına mühüm töhfə verir.
Bu barədə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev AZƏRTAC-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, Türkiyə də daxil olmaqla, bir sıra ölkələrdə İslam bankçılığı sahəsində filial və şöbələr olmadan fəaliyyət göstərən rəqəmsal bank xidmətləri tətbiq edilir.
“Məsələn, Türkiyədə fəaliyyət göstərən “TOM Bank” fiziki filialları olmayan bank modeli əsasında xidmət göstərir. Müştərilər bankın xidmətlərindən mobil tətbiqlər və internet bankçılığı vasitəsilə yararlanırlar. Bundan əlavə, müştərilərin suallarını cavablandıran, maliyyə məhsulları barədə məlumat verən və xidmətlərdən istifadə qaydalarını izah edən süni intellekt əsaslı həllər də geniş yayılmaqdadır. Süni intellektin İslam maliyyəsində tətbiq olunduğu istiqamətlərdən biri də şəriət hökmlərinin və maliyyə əməliyyatlarına dair fətvaların müəyyənləşdirilməsi ilə bağlı proseslərdir. Bu sahədə alimlər tərəfindən hazırlanmış və standartlaşdırılmış qaydalardan istifadə etməklə süni intellekt sistemləri maliyyə müqavilələrinin müvafiq tələblərə uyğunluğunu yoxlaya, mümkün uyğunsuzluqları müəyyənləşdirə və səhvləri göstərə bilər. Beləliklə, süni intellekt İslam maliyyəsi prinsiplərinə uyğun maliyyə məhsullarının hazırlanması və yoxlanılması prosesini asanlaşdıra bilər”, – deyə Ruslan Atakişiyev vurğulayıb.
Mərkəz sədrinin sözlərinə görə, İslam maliyyəsinin inkişafında mühüm rol oynayan digər istiqamət maliyyə texnologiyaları, yəni fintek sektorudur: “Hazırda dünyada İslam maliyyəsi sahəsində fəaliyyət göstərən 400-ə yaxın fintek təşkilatı mövcuddur. Onların əksəriyyəti startaplardan ibarətdir və pul köçürmələri, ödənişlər, maliyyə əməliyyatları, eləcə də rəqəmsal maliyyə xidmətləri sahəsində innovativ həllər təqdim edir. Bu şirkətlərin fəaliyyətində süni intellekt və rəqəmsal bankçılıq texnologiyalarından geniş istifadə olunur. Bu proses hər il yeni İslam fintek şirkətlərinin yaranmasına və innovativ maliyyə məhsullarının inkişafına şərait yaradır. Müasir dövrdə süni intellektin tətbiqinin genişləndirilməsi və rəqəmsal bankçılığın inkişafı İslam maliyyəsinin imkanlarını artırmaqla yanaşı, onun alətlərinin daha əlçatan olmasına da kömək edir”.
Ruslan Atakişiyevin fikrincə, rəqəmsal bankçılıq sayəsində həm müsəlman, həm də qeyri-müsəlman ölkələrində yaşayan, xüsusilə ucqar bölgələrdə, kənd yerlərində və iri şəhərlərdən uzaqda yerləşən ərazilərdə fəaliyyət göstərən insanlar və sahibkarlar İslam maliyyəsi məhsullarından daha rahat istifadə edə bilirlər: “Bu isə İslam maliyyəsinin əhatə dairəsinin genişlənməsinə, maliyyə xidmətlərinin əlçatanlığının artmasına və sektorun gələcək inkişafına mühüm töhfə verir”.
