Azərbaycan nəinki regional, hətta qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdən biridir. Təbii ki, bu reallıq ölkəmizə qarşı qərəzli mövqedə olan müəyyən qüvvələri narahat edir. Son günlər müşahidə olunan ideoloji təxribatlar, sosial şəbəkələrdə və digər media platformalarında Azərbaycan əleyhinə, həqiqətləri təhrif edən təbliğatın aparılması da bunun bariz nümunəsidir. Azərbaycan ziyalıları dövlətimizin yanında olduqlarını əməldə nümayiş etdirir və bu cür təxribatlara qarşı birgə mübarizə aparmaq əzmindədirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev “Dezinformasiyaya qarşı ictimai həmrəylik: QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi” mövzusunda keçirilən ictimai müzakirədə səsləndirib.
O bildirib ki, Azərbaycan qədim tarixi ənənələrə və zəngin multikultural irsə malik unikal ölkədir. Tarixən ölkəmizdə bir neçə böyük din mövcud olub, Azərbaycan xalqı İslam mədəniyyətinin inkişafına mühüm töhfələr verib.
“Bu gün təəssüf ki, müəyyən qüvvələr Azərbaycanı İslam əleyhinə olan xalq və dövlət kimi təqdim etməyə çalışırlar. Artıq sosial şəbəkələrdə bu istiqamətdə təbliğat aparılır, bəzi media orqanlarında həqiqəti əks etdirməyən məlumatlar yayılır. Halbuki Azərbaycan milli-mənəvi dəyərlərinə sadiq olan, onları inkişaf etdirən və dini irsin qorunmasına xüsusi önəm verən ölkələrdən biridir. Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə bir sıra məscidlər bərpa olunub. Azərbaycan yalnız İslam dini abidələrinə deyil, digər dinlərə məxsus tarixi və dini abidələrə də xüsusi qayğı ilə yanaşır”, – deyə E.Mustafayev vurğulayıb.
