Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövləti: dövlətçilik tariximizdə yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev Azərbaycan dövlətçilik tarixinin dərindən öyrənilməsinin əhəmiyyətinə toxunub, Səfəvilər dövlətinin tariximizdəki yeri və rolunun araşdırılmasının vacibliyini vurğulayıb. Direktor müavini bu istiqamətdə aparılan elmi tədqiqatların Azərbaycan dövlətçilik ənənələrinin xüsusiyyətlərinin, tarixi irsimizin dərki baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Dəyirmi masada Azərbaycanın XV–XVIII əsrlər tarixinə, Səfəvilər dövlətinin siyasi və dini həyatına, eləcə də Azərbaycan dövlətçilik tarixində mühüm yer tutan tarixi şəxsiyyətlərə həsr olunmuş məruzələr dinlənilib.
Azərbaycanın XV–XVIII əsrlər tarixi şöbəsinin müdiri tarix elmləri doktoru Tofiq Nəcəfli “Şah İsmayılın Azərbaycan dövlətçilik tarixində yeri və rolu” mövzusunda məruzə ilə çıxış edib, Şah İsmayılın Azərbaycan dövlətçilik tarixindəki mövqeyi və dövlətçilik ənənələrinin formalaşmasındakı rolunu diqqətə çatdırıb.
Həmin şöbənin aparıcı elmi işçisi dosent Fərəh Hüseyn “Səfəvi dövlətinin tarixində Mərv Qacarlarının yeri” mövzusunda çıxış edib. Məruzədə Mərv Qacarlarının Səfəvi dövlətinin tarixindəki yeri və əhəmiyyəti məsələlərinə toxunulub.
Şöbənin aparıcı elmi işçisi dosent Lamiya Qafar-zadə səfəvilərin etno-linqvistik mənşəyini ingilis agentlərinin məlumatları əsasında araşdıraraq “O məndən soruşdu ki, mən gavuram, yoxsa müsəlman: İngilis Moskva Şirkətinin agentlərinin hesabatlarında Səfəvi imperiyasının dini həyatı” adlı məruzə ilə çıxış edib. Məruzədə agentlərin hesabatları əsasında Səfəvi imperiyasının dini həyatının araşdırılması məsələlərinə diqqət yetirilib.






