Oktyabrın 27–28-də Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşə hazırlıq çərçivəsində Baş Prokurorluq üzrə müvafiq əmrlə Yerli Təşkilat Komitəsi yaradılıb. Komitənin əsas vəzifələri tədbirin yüksək səviyyədə təşkilini təmin etmək, İƏT-ə üzv dövlətlər arasında antikorrupsiya əməkdaşlığının inkişafına töhfə vermək və Azərbaycanın bu sahədəki təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşməkdən ibarətdir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov tədbirə hazırlıq işləri ilə bağlı mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, tədbirin yüksək səviyyədə təşkili və məzmun baxımından səmərəli keçirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
İştirakçıların sayına və təmsilçilik səviyyəsinə toxunan Heydər Məmmədov bildirib ki, tədbirdə İƏT-ə üzv olan 57 dövlətdən 48-nin nümayəndələri olmaqla, ümumilikdə 250-dən artıq şəxsin iştirakı gözlənilir. Onun sözlərinə görə, iştirakçılar sırasında 30 dövlət qurumunun rəhbəri, səfirlər, beş beynəlxalq və regional təşkilatın rəhbər və yüksəkvəzifəli nümayəndələri, habelə üç müşahidəçi dövlətin təmsilçiləri yer alır.
Əvvəllər də Azərbaycan Prokurorluğu tərəfindən bu kimi mötəbər tədbirlərin yüksək səviyyədə keçirildiyinə toxunan Heydər Məmmədov bildirib ki, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Bakıda keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı, COP29 çərçivəsində yüksəksəviyyəli sessiya və GlobE Şəbəkəsinin Altıncı Plenar İclası və digər mötəbər beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq əməkdaşlığa sadiqliyinin bariz göstəricisidir.
