Din xadimlərinin Gəncə şəhərinə səfəri təşkil olunacaq

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə 24–27 oktyabr tarixlərində “Dini həmrəylik və birgəyaşayış” layihəsi çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarından olan din xadimləri Gəncə şəhərinə səfər edəcəklər.
Səfər müxtəlif bölgələrdən olan din xadimləri arasında əlaqələrin möhkəmləndirilməsi, dini maarifləndirmə sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və məzhəblərarası həmrəyliyin təşviqinə xidmət edir. Proqram çərçivəsində Gəncədə fəaliyyət göstərən din xadimləri ilə görüşlər keçiriləcək, dini dəyərlərin birləşdirici rolu, Azərbaycanda dini müxtəliflik şəraitində harmoniya və qarşılıqlı hörmət ənənələrinə dair ekspert mühazirələri təşkil olunacaq. İştirakçıların, həmçinin Gəncə Memorial Kompleksini, Şəhidlər xiyabanını, İmamzadə məscid-ziyarətgah kompleksini və Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksini ziyarəti nəzərdə tutulur.
Layihənin əsas məqsədi dini icmalar arasında həmrəyliyin möhkəmləndirilməsi, əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və milli-mənəvi dəyərlərə söykənən birgəyaşayış mədəniyyətinin qorunub saxlanmasına töhfə verməkdir.






