“İrəvan Qazılığının tarixi” kitabı təqdim edilib

Bakıda “İrəvan Qazılığının tarixi” kitabının təqdimatı keçirilib.

“Report” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) layihəsi olan kitabın təqdimatında çıxış edən QMİ sədri şeyxülislam Allahşükür Paşazadə idarənin Qərbi Azərbaycanla bağlı təbliğat işini öz fəaliyyətinin prioritet və zəruri tərkib hissəsi kimi diqqətdə saxladığını söyləyib.

Onun sözlərinə görə, bu istiqamətdə Qərbi Azərbaycan İcması (QAİ) ilə əməkdaşlıq çərçivəsində hazırlanan kitaba daxil olan materialların əsas mənbə bazası QMİ-nin arxivində mövcud olan sənədlərdir.

QAİ-nin İdarə Heyətinin sədri Əziz Ələkbərli bildirib ki, Ermənistan dövləti və ermənilər Azərbaycan xalqına və dövlətinə qarşı törətdikləri cinayətlərə görə hələ də heç bir beynəlxalq təzyiq və xəbərdarlıq almayıblar. Əksinə, həmişə dəstəkləniblər və bu gün də dəstəklənirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli deyib ki, təqdim edilən kitabda xeyli yeni və dəyərli məlumat yer alıb.

Tədbirdə QMİ-nin sədr müavini Qəmərxanım Cavadlı da çıxış edərək kitab haqqında ümumi məlumatları paylaşıb.

Daha sonra Milli Məclisin deputatları, din xadimləri və alimlər çıxış ediblər. Kitab ətrafında fikir mübadiləsi aparılıb.

↑
Exit mobile version