Misir nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda olub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Misir Ərəb Respublikası Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin nümayəndəsi, müəssisənin Türkiyə, Mərkəzi Asiya, Balkanlar və Qafqaz ölkələrinin qrupu üzrə rəhbəri, professor doktor Mahmud əl-Adil ilə görüş keçirilib.

Aİİ tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov qonaqları salamlayıb, İnstitutun fəaliyyəti, tədris proqramları və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə məlumat verib. O, müxtəlif ölkələrin ali təhsil müəssisələri ilə əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsi imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Professor Mahmud əl-Adil Misirin ali təhsil sistemi, universitetlərdə mövcud bakalavriat, magistratura və doktorantura proqramları, eləcə də xarici tələbələr üçün nəzərdə tutulmuş akademik və dil proqramları haqqında məlumat verib.

Qonaq Misirdə mövcud təbii dil mühitinin, ixtisaslaşmış müəllim heyəti ilə ünsiyyət imkanlarının tələbələrin dil biliklərinin inkişafında mühüm rol oynadığını bildirib. Mahmud əl-Adil azərbaycanlı tələbələrin Misirdə təhsil almalarının onların ərəb dili biliklərinin və peşəkar hazırlıqlarının təkmilləşdirilməsinə töhfə verəcəyini diqqətə çatdırıb, Azərbaycan və Misir xalqları arasında mövcud tarixi, mədəni və dini bağların elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını vurğulayıb.

Görüşdə Azərbaycan İlahiyyat İnstitutu ilə Misirin müvafiq ali təhsil və elmi qurumları arasında əməkdaşlıq imkanlarının araşdırılması, ərəb dilinin tədrisi sahəsində əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, eləcə də birgə akademik tədbirlərin təşkili istiqamətində müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Görüşün sonunda professor doktor Mahmud əl-Adil İnstitutun tələbələri ilə görüşüb. Qonaq təmsil etdiyi qurumun fəaliyyəti, Misirdəki təhsil və təqaüd imkanları barədə məlumat verib, tələbələrin suallarını cavablandırıb.

↑
Exit mobile version