İslam dünyasında ilk mədrəsə hansı sayılır?

Bəzi mənbələrdə Peyğəmbərin (s) zamanında Mədinədə mövcud olmuş süffə adlə məkan ilk mədrəsə hesab edilir. Mədınə məscidinin həyətindəki süffə adlı səkidə evsiz səhabələr məskunlaşmışdılar.  Burada savadlı səhabələr Qurani-Kərim və şəriət hökmləri barədə Peyğəmbərdən (s) əxz etdikləri biliyi başqalarına öyrədirdilər.

Sonrakı dövrlərdə xilafət ərzisindəki mədrəsələrin çoxu müstəqil şəkildə deyil, kitabxanaların, tərcümə mərkəzlərinin, məscidlərin nəzdində fəaliyyət göstərirdi. IX əsrin əvvəllərindən etibarən Bağdad (Beytül-hikmə), Buxara, Nişabur, Qəznə və başqa şəhərlərdə 30-dan artıq iri mədrəsə fəaliyyət göstərirdi. Bağdaddakı Nizamiyyə və Müstənsiriyyə, Qahirədəki Faziliyyə və əl-Əzhər, Nəcəfdəki dini elmlər hovzəsi məşhur mədrəsələrdən sayılırdı.

Ginnesin Rekordlar Kitabına əsasən dünyada davamlı fəaliyyət göstərən ilk ali təhsil ocağı 859-cu ildə Mərakeşin Fəs şəhərində təsis edilmiş Qərəviyyin mədrəsəsi sayılır. Burada ilahiyyat elmləri ilə yanaşı ərəb dili qrammatikası, məntiq, tibb, riyaziyyat, astronomiya, tarix, kimya, coğrafiya və musiqi də tədris edilirdi. Müqayisə üçün deyək ki, avropalılar müsəlmanlardan 230 il sonra, 1088-ci ildə özlərinin ilk dünyəvi təhsil ocağını – Bolonya Universitetini təsis etdilər.

↑
Exit mobile version