AzərbaycanXəbərlər

Dünya səyyahları Ağdam məscidini ziyarət ediblər

Dünyaşöhrətli “Most Traveled People” (MTP) beynəlxalq səyyahlar klubunun 30 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfər çərçivəsində iyulun 10-da Ağdama gəlib. On beş ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir.

Səfər çərçivəsində Ağdam şəhər Cümə məscidi ilə tanışlıq olub. Bildirilib ki, 1868-1870-ci illərdə inşa edilmiş məscid də digər tarixi-dini abidələr kimi, erməni vandalizminə məruz qalıb. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində mal-qara saxlayıblar. Ağdam şəhəri işğaldan azad edildikdən sonra məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub.

Beynəlxalq səyyahlar 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət edəcəklər. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.

Daha çox göstər
Back to top button