AzərbaycanXəbərlər

Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşa məscidi ilə tanış olublar

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları bu gün Şuşa şəhərinin tarixi məkanları ilə tanış olublar.

Qonaqlar Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini,  Xan qızı bulağını, Şuşa qala divarlarını, Cıdır düzünü və Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər.

Sonda Forum iştirakçıları Şuşa şəhərinin ən qədim məscidi olan Yuxarı Gövhər Ağa məscidinə baş çəkiblər. Onlara məlumat verilib ki, məscid onu inşa etdirən III Qarabağ xanı Mehdiqulu xanın bacısı məşhur şair və rəssam Gövhərnisə bəyimin şərəfinə adlandırılıb. Məscid eyni yerdə dörd dəfə təkrar inşa edilib. İlk məscid I Qarabağ xanı Pənahəli xanın təşəbbüsü ilə 1750-ci illərin əvvəllərində Şuşa qalası ilə eyni vaxtda qamışdan tikilib. 1768-1769-cu illərdə İbrahimxəlil xan qamış məscidi sökdürərək onun yerində daşdan yeni məscid tikdirib. Qarabağda və bütün Cənubi Qafqazda məşhur xeyriyyəçi kimi tanınan Gövhər ağa isə iki dəfə həmin məscidin tikintisi ilə məşğul olub. Əvvəlcə XIX əsrin birinci yarısında onun şəxsi vəsaiti hesabına İbrahimxəlil xanın tikdirdiyi məscidin yerində Şuşanın ilk qoşa minarəli məscidi inşa edilib. 1883-cü ildə isə yenə də Gövhər ağanın ayırdığı maddi vəsaitlə həmin məscidin yerində 4-cü dəfə, sonuncu və bu günə qədər gəlib çatan qoşa minarəli Cümə məscidi tikilib. Sonuncu mərhələdə məscidin memarı Qarabağda bir çox tarixi abidələrin müəllifi olan Kərbəlayi Səfixan Qarabaği olub. Minarələrin bəzəyi və məscidin mədrəsəsinin ikinci mərtəbəsindəki otaqlardan birinin divar rəsmləri Mir Möhsün Nəvvabın əl işləridir.

Qonaqların diqqətinə çatdırılıb ki, Ermənistan silahlı qüvvələri 1992-ci ildə Şuşanın işğalı zamanı və ondan sonra Yuxarı Gövhər Ağa məscidini vandalcasına dağıtmışdılar. Məscidin interyeri tamamilə dağıdılmış, fasadına ciddi ziyan dəymiş, minarələr zədələnmiş, minbər hissələri uçurulmuşdu.

Vətən müharibəsi nəticəsində Şuşanın azad olunmasından sonra məscid yenidən təmir və bərpa edilib. 2023-cü il mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə məscidin açılışı olub. Hazırda öz təyinatı üzrə fəaliyyət göstərən Yuxarı Gövhər Ağa məscidi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

Forum iştirakçıları Şuşa şəhəri ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.

Daha çox göstər
Back to top button