Azərbaycanda “Fərqliliyin rəngi” adlı festival keçirilib

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların nümayəndələrinin iştirakı ilə “Fərqliliyin rəngi” adlı festival keçirilib.
Bakı Ekspo Mərkəzində təşkil edilən tədbirin məqsədi ölkəmizdəki konfessiyalararası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin unikal nümunəsini təqdim etmək, habelə onların adət-ənənələrinin, mədəni irslərinin inkişafı üçün yaradılan şəraiti nümayiş etdirməkdir.
Festivalda dini qurumların fəaliyyətini, dini ənənə və dəyərlərini əks etdirən fotostendlər, ədəbiyyat, geyim nümunələri, əl işləri, eləcə də digər dini məzmunlu materiallardan ibarət sərgilər açılıb.
Festival iştirakçıları əvvəlcə Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Bakı şəhəri Dağ yəhudiləri dini icması, Sefarad yəhudilərinin Bakı dini icması və Avropa yəhudilərinin Bakı dini icması, Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Alban-Udi, Krişna şüuru, Gürcü pravoslav və Molokan-ruhani xristian dini icmaları daxil olmaqla bir çox dini qurumun stendləri ilə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Azərbaycandakı tolerantlıq mühitini əks etdirən videoçarx nümayiş olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov açılış nitqi ilə çıxış edərək festival iştirakçılarının hər birinə mənəvi birliyə töhfə verdikləri üçün təşəkkür edib. Komitə sədri bildirib ki, ölkəmizdə mövcud olan sabitlik və harmoniyanın əsasında Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti və milli-mənəvi dəyərlərə verdiyi önəm dayanır. Konstitusiyamızda təsbit olunan vicdan azadlığı və bütün dini etiqadların qanun qarşısında bərabərliyi prinsipləri tolerantlıq modelimizin əsas hüquqi dayağı, xalqımızın əsrlər boyu formalaşdırdığı birgəyaşayış fəlsəfəsinin təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, ölkəmizin ən böyük sərvətlərindən biri etnik-dini müxtəlifliyimiz və bu müxtəlifliyin milli həmrəyliyə çevrilməsidir.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və b. çıxış ediblər.
Festival bədii hissə ilə davam edib.






