Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi İslam dünyasında süni intellekt üzrə əməkdaşlığı gücləndirmək, həmçinin süni intellektin etik, sosial və iqtisadi təsirlərini müzakirə etməkdir.
Qeyd edək ki, süni intellektin inkişaf trendlərinin elmi əsaslarla ölçülməsi üçün hazırlanmış “İslam dünyasında süni intellekt indeksi” sənədi də məhz ilk dəfə Bakı konfransında təqdim olunur.
Konfransın açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bildirib ki, süni intellekt (AI) artıq gündəlik həyatın mühüm bir hissəsinə çevrilib. Onun sözlərinə görə, bu sahə böyük imkanlar yaratmaqla yanaşı, yeni suallar və məsuliyyətlər də ortaya çıxarır. Cəmiyyətin süni intellektin təsirini düzgün qiymətləndirməsinin, gənclərin risklərdən qorunaraq bu texnologiyanın imkanlarına yönləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.
Tədbirdə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik çıxış ediblər.
Sonra konfrans çərçivəsində ICESCO və Həmdan Bin Rəşid Əl Maktum Fondunun 4-cü birgə “Həmdan-ICESCO” mükafatının təltif edilmə mərasimi keçirilib.
Qeyd edək ki, bu mükafat İslam dünyası ölkələrində tədris müəssisələrinin inkişafına və təhsil mühitinin dəstəklənməsi təşəbbüslərinə töhfələrə görə təqdim edilir. Heydər Əliyev Fondu İslam dünyası və digər ölkələrdə məktəblərin tikinti-bərpasına yönələn təhsil və sosial dəstək üzrə layihələrinə görə bu mükafatla təltif olunur.
Mükafat, eyni zamanda, Yəmənin Hadramaut Təhsil İnkişaf Fondu və Mərakeşin Birinci Səviyyə Təhsil Fonduna təqdim edilib.
Konfrans daha sonra “Təhsildə innovasiya: süni intellektin İslam dünyasında təsiri və imkanları” mövzusunda panel müzakirələrlə davam edib.
Müzakirələrdən əvvəl çıxış edənlər vurğulayıblar ki, süni intellekt artıq həyatımızın müxtəlif sahələrinə təsir göstərir və gələcək nəsillərin inkişafında mühüm rol oynayacaq.
Qeyd edilib ki, təhsil sistemi və elm sahəsində süni intellektin tətbiqi tədris prosesini daha səmərəli, innovativ və interaktiv hala gətirir.
Bildirilib ki, süni intellekt tədqiqat sahələrində yeni imkanlar yaradır, iqtisadiyyatın müxtəlif istiqamətlərində səmərəliliyi artırır və gələcək iş bazarının tələblərinə uyğun peşələrin inkişafına təkan verir.
Daha sonra ICESCO-nun Perspektiv Araşdırmaları və Süni İntellekt Mərkəzinin nümayəndəsi Viam Şafikin moderatorluğu ilə keçirilən paneldə çıxış edənlər ölkələr arasında təcrübə mübadiləsinin, əməkdaşlığın və süni intellekt sahəsində regional təşəbbüslərin gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
Digər paneldə çıxış edən qonaqlar süni intellekt sahəsində ölkələrarası əlaqələndirmənin gücləndirilməsinin, etik və sosial-iqtisadi aspektlərin araşdırılmasının, dayanıqlı və inklüziv texnoloji inkişafın təmin olunmasının önəmini vurğulayıblar. Qeyd edilib ki, bu təşəbbüslər yalnız texnoloji tərəqqiyə deyil, həm də insan kapitalının inkişafına, təhsil keyfiyyətinin yüksəlməsinə və regional əməkdaşlığın dərinləşməsinə töhfə verir.
Konfransın sonunda İslam dünyasında süni intellekt indeksi üzrə Bakı Bəyannaməsi qəbul edilib.
Həmçinin qonaqlar konfrans çərçivəsində Heydər Əliyev Mərkəzində təqdim olunan “Mənim dənizlərim, mənim okeanlarım” (“My Seas, My Oceans”) sərgisinə baxıblar. Sərgi iqlim dəyişikliyi, qlobal istiləşmə və həssas ekosistemlər dövründə planetimizin ən həyati ehtiyatlarından biri – su mənbələrinin qorunmasının vacibliyini vurğulamaq məqsədi daşıyır.






