“Seyid Yəhya Bakuvi” təqaüd proqramı üzrə müsabiqə qalibləri mükafatlandırılıb

Aprelin 17-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilmiş “Seyid Yəhya Bakuvi” təqaüd proqramı üzrə müsabiqənin qalibləri mükafatlandırılıb.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, komitə sədrinin müavini Gündüz İsmayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov və b. çıxış ediblər.
Sonda “Seyid Yəhya Bakuvi” təqaüd proqramı üzrə müsabiqənin qalibləri elan olunublar.
“Dinşünaslıq” ixtisasının tələbəsi Qismət Rzayev birinci, “İslamşünaslıq” ixtisasının tələbəsi Əkbər Əliyev ikinci, “İslamşünaslıq” ixtisasının tələbəsi Məmmədli Ömər və “Dinşünaslıq” ixtisasının tələbəsi Cəmilə Cəfərli üçüncü yerə layiq görülüblər. Müsabiqə qalibləri çıxış edərək, Komitə, Fond və İnstitut rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, “Seyid Yəhya Bakuvi” təqaüdü Qurani-Kərim qiraəti istiqamətində ixtisaslı kadrların yetişdirilməsinin stimullaşdırılması məqsədilə təsis edilib. “Seyid Yəhya Bakuvi” təqaüd proqramının seçim mərhələsi 16 mart 2026-cı il tarixində keçirilib. Müsabiqə komissiyası tərəfindən təsdiq olunmuş meyarlar nəzərə alınmaqla, ali təhsilin bakalavriat səviyyəsində təhsil alan Aİİ tələbələri arasında seçim aparılıb. Təqaüd qalib seçilmiş şəxsə 1 il müddətində veriləcək.






