İslam suallarda

Bəziləri deyir ki, “əgər bütün insanlar ölürsə, o halda dini qaydalara əməl etməyin nə mənası var? Qoy kefim istəyən kimi yaşayım”. Bu fikirə dinimiz hansı cavabı verir?

Məsələyə həm dünya, həm də axirət aspektindən yanaşa bilərik. Bütün insanların (imanından asılı olmayaraq) nəhayətdə ölməsi həqiqətdir. Amma insan üçün mühüm olan yalnız yaşamaq və ölmək məsələsi deyil, necə yaşamaqdır. Əxlaqa, mənəviyyata uyğun yaşamaq insanın həyatına dəyər qatır, onu həm özünün, həm də başqalarının gözündə ucaldır. Əgər hər kəs öz istəyinə və mənafeyinə uyğun hərəkət etsə, cəmiyyətdə qanunlar işləməz, insanlararası münasibətlər pozular. Dünya xaosa qərq olar. Bunun qarşısını almaq üçün qanunlara riayət olunmalıdır, qanunların ən yaxşısı isə Allahın qoyduğu qaydalardır.

Məsələyə digər tərəfdən yanaşsaq, həyat yalnız dünya ilə bitmir, bundan sonra daha mühüm olan axirət həyatı gəlir. Hər kəs bu dünyada etdiklərinin əvəzində Allahın qarşısında cavab verəcək, əməllərinin nəticəsi olaraq ya Cənnətə, ya da Cəhənnəmə aparılacaq. Əgər ilahi qanunlara məhəl qoymadan yalnız öz istəyimizlə yaşasaq, o biri aləmdə də buna görə məsuliyyət daşımağa hazır olmalıyıq.

Daha çox göstər
Back to top button