AzərbaycanXəbərlər

Lənkəranda din xadimləri üçün seminar-treninq keçiriləcək

Avqustun 5–6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, onun tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Lənkəran şəhərində din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək.

“Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” adlanan tədbir bu sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə, iş səmərəliliyinin artırılmasına və maarifləndirmə işinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Seminar-treninq iştirakçılara aktual ictimai-dini proseslər barədə dəqiq və ətraflı məlumat əldə etməklə yanaşı, mövcud hüquqi çərçivəni mənimsəmək, dini icmalar arasında tərəfdaşlıq əlaqələrini gücləndirmək və təcrübələri bölüşmək imkanı yaradacaq.

Seminar-treninq çərçivəsində ilahiyyatçı ekspertlərin məruzələri dinləniləcək, dini radikalizmlə mübarizədə din xadimlərinin üzərinə düşən missiya, cəmiyyətdə dialoq mədəniyyətinin formalaşdırılması, dini-mənəvi xidmətin təşkili, eləcə də sosial medianın dini maarifləndirmədəki rolu kimi aktual məsələlər ətrafında interaktiv müzakirələr və fikir mübadilələri aparılacaq.

Qeyd edək ki, din xadimlərinin peşəkarlığının artırılmasına yönəlmiş bu silsilə təlim-seminarların növbəti mərhələlərdə Sumqayıt, Şamaxı və Mingəçevir şəhərlərində də təşkil olunması nəzərdə tutulur.

Daha çox göstər
Back to top button