DünyaXəbərlər

Türkiyədə tanınmış ilahiyyatçı və həyat yoldaşı saxlanılıb

Az.shafaqna.com xəbər verir ki, Adanada səhər saatlarında “Furkan Vəqfi”nə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı vəqfin təsisçi rəhbəri Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul da daxil olmaqla çox sayda şəxs saxlanılıb.

Adana İl Emniyyət Müdirliyinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat çərçivəsində Kuytulun Seyhan rayonu, Rəşadbəy məhəlləsindəki evinin ətrafında çevik hərəkət və xüsusi təyinatlı polis dəstələri təhlükəsizlik tədbirləri görüb. Əməliyyat zamanı Kuytulun tərəfdarları evin qarşısında şüarlar səsləndirib. Həmin şəxslərlə polis əməkdaşları arasında qısamüddətli mübahisə baş verib.

Evdə aparılan axtarışdan sonra Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul da daxil olmaqla çox sayda şəxs saxlanılıb. Şübhəlilər tibbi müayinədən keçirildikdən sonra polis idarəsinə aparılıb.

Alparslan Kuytulun “X” sosial media hesabından verilən açıqlamada Kuytul və həyat yoldaşının “saxlanılma qərarı olmadan, qanunsuz şəkildə qandallanaraq” aparıldığı iddia edilib. Kuytulun hesabında saxlanılma anına dair bir video da paylaşılıb.

“Furkan Hərəkatı”nın “X” hesabından edilən paylaşımda isə saxlanılanlar arasında Alparslan Kuytulun vəkilinin də olduğu bildirilib.

Qeyd edək ki, Kuytul AKP siyasətini tənqid  edən çıxışları ilə tanınır və dəfələrlə saxlanılıb və həbs olunub.

Daha çox göstər
Back to top button