DünyaXəbərlər

Beynəlxalq mediaforumun iştirakçıları Özbəkistanda İmam əl-Buxari kompleksini ziyarət ediblər

Özbəkistanda keçirilən “İslam sivilizasiyası” beynəlxalq mediaforumu çərçivəsində iştirakçılar Səmərqənd vilayətindəki İmam əl-Buxari memorial kompleksini ziyarət ediblər.

“Report”un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, kompleks şəhərdən təxminən 25 km məsafədə, Xartanq kəndində yerləşir. Burada İmam əl-Buxari kimi tanınan görkəmli İslam alimi və hədis toplayıcısı Məhəmməd ibn İsmayıl əl-Buxari (810–870) dəfn olunub.

Genişmiqyaslı yenidənqurma işlərindən sonra kompleksin ərazisi böyüyərək təxminən 44-45 hektara çatıb. Burada İmam əl-Buxarinin məqbərəsi, cümə məscidi, muzey, kitabxana, xiyabanlar, su kompozisiyaları və ziyarətçilər üçün istirahət zonaları yerləşir.

Kompleksin mərkəzi hissəsində İmam əl-Buxarinin məzarının olduğu məqbərə yerləşir. Bu yerlə bağlı bir rəvayətə görə, alimin vəfatından sonra şiddətli quraqlıq dövründə Səmərqənd sakinləri dua etmək üçün onun məzarına gəliblər, bundan sonra bir neçə gün davam edən yağışlar başlayıb.

Kompleksin əsas məscidi təxminən 10 min nəfərin ibadət etməsi üçün nəzərdə tutulub. Onun memarlıq ansamblını hündürlüyü 75 metrə çatan dörd minarə tamamlayır.

Ayrı-ayrı ekspozisiyalar Məhəmməd peyğəmbərin həyatına, erkən İslam tarixinə və Mərkəzi Asiyada İslam elminin inkişafına həsr olunub. Kompleksin tərtibatında həmçinin peyğəmbərlərin adları da əks olunub.

Səfər çərçivəsində muzey də ziyarət edilib. Doqquz pavilyon vahid müasir məkanda birləşdirilib, onun ekspozisiyaları İmam əl-Buxarinin həyatı, elmi irsi və yaşadığı dövrdən bəhs edir.

Memorial kompleksin nəzdində həmçinin İmam əl-Buxari adına İslam Universiteti fəaliyyət göstərir. Təhsil müəssisəsi hədislərin və İslam irsinin öyrənilməsi üzrə ixtisaslaşıb.

Müasir kompleksin tarixi 1997–1998-ci illərdəki yenidənqurma işləri ilə başlayıb: Özbəkistanın birinci Prezidenti İslam Kərimovun təşəbbüsü ilə onun ərazisi yenidən qurulub və 10 hektara qədər genişləndirilib. Həmin vaxt burada təxminən 1,5 min nəfərin ibadət etməsi üçün məscid də tikilmişdi.

2021-ci ildə Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb. Yenilənmiş kompleks 2026-cı ilin mart ayında açılıb. Onun sahəsi 44-45 hektara qədər genişləndirilərək Mərkəzi Asiyanın ən böyük mədəni-dini layihələrindən birinə çevrilib.

Bu gün kompleks gündəlik 65 minədək ziyarətçi qəbul etmək imkanına malikdir və regionun böyük mənəvi, mədəni və təhsil mərkəzinə çevrilib.

Daha çox göstər
Back to top button