Namazın zikrlərini, təkbirləri, təşəhhüd və salamı ucadan demək lazımdır ya astadan?

Şəriətimizə görə, namazın bəzi hissələrini ucadan ya astadan oxumaq barədə hökmlər vardır. Bunlar namazın qiraət hissəsinə, yəni hər rükətdə oxunan Quran surələri və təsbihati-ərbəəyə aiddir. Belə ki, kişilər sübh namazının hər iki rükətində, məğrib və işa namazlarının birinci və ikinci rükətlərində Fatihə ilə o biri surəni cəhr ilə (yəni nisbətən ucadan) oxumalıdırlar. Zöhr və əsr namazlarının bütün rükətlərində, məğrib namazının üçüncü rükətində, işa namazının üçüncü və dördüncü rükətlərində kişilər qiraəti astadan (ixfa ilə) oxumalıdırlar. Bu, kişilərə aid olan hökmdür. Qadınlar da buna əməl edə bilərlər. Amma istəsələr bütün namazların bütün rükətlərində qiraəti astadan oxuya bilərlər, əgər qadının səsini naməhrəm kişi eşidirsə, gərək qiraəti astadan etsin. Bir daha təkrar edirik ki, bunlar yalnız namazda Quran surələrini və təsbihati-ərbəəni oxumağa aiddir. Digər zikr və təkbirləri, təşəhhüd və salamı insan istədiyi kimi, ya astadan, ya da ucadan oxuya bilər. Bu, istəyə və şəraitə bağlıdır. Əgər namazın (qiraətdən başqa) sözlərini ucadan söyləməyə şərait yoxdursa, astadan söyləməyin heç bir maneəsi yoxdur.






