AzərbaycanXəbərlər

Din xadimləri üçün terrorçuluğa qarşı mübarizəyə dair təlim keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağdaşda “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu” mövzusunda təlim keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdir müavini Samir Yoldaşov icmaların maliyyə şəffaflığının təmin edilməsinin yalnız terrorçuluğun maliyyələşdirilməsi risklərinin azaldılmasına deyil, həm də dini sahədə sağlam, etibarlı və qanunauyğun fəaliyyət mühitinin formalaşmasına xidmət etdiyini deyib. Qeyd edib ki, dövlət orqanları ilə dini icmalar arasında qarşılıqlı əməkdaşlığın və məlumat mübadiləsinin artırılması bu istiqamətdə həyata keçirilən preventiv tədbirlərin daha səmərəli nəticə verməsinə imkan yaradacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin müdir müavini Əzim Rəfiyev dini dəyərlərin terrorun maliyyələşməsinə alət edilməsinin qarşısını almaq üçün dövlət orqanları, maliyyə institutları və dini qurumların tərəfdaşlıq şəraitində fəaliyyət göstərmələrinin vacibliyinə diqqət çəkib. Ə.Rəfiyev vurğulayıb ki, yalnız şəffaf maliyyə nəzarəti və maarifləndirmə sayəsində biz bu qlobal təhlükəni zərərsizləşdirə bilərik.

Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı, Ağdaş şəhəri “Hacı İsmayıl” məscidinin imamı Əli Məmmədov bildirib ki, prinsiplərində sülh, yardımlaşma və xoş rəftarı əsas götürən İslam dini insanlığı hər zaman əmin-amanlığa, birliyə, bərabərliyə və qardaşlığa çağırır. Dinimiz fəsadı və zülmün dəhşətli təzahürlərindən olan terroru şiddətlə qadağan edir. 

Qeyd edək ki, din xadimləri və icma sədrlərinin iştirakı ilə keçirilən təlim müzakirələrlə yekunlaşıb.

Daha çox göstər
Back to top button