
Filippinin müsəlmanların üstünlük təşkil etdiyi Banqsamoro Muxtar Bölgəsində ilk parlament seçkiləri keçirilir.
AZƏRTAC Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, təxminən 2,4 milyon seçici 80 deputatın seçilməsi üçün səs verir. Formalaşacaq parlament bölgənin baş nazirini müəyyənləşdirəcək.
Seçkilər 2014-cü ildə Filippin hökuməti ilə Moro İslam Azadlıq Cəbhəsi arasında imzalanmış sülh sazişinin əsas müddəalarından biri kimi nəzərdə tutulub. Səsvermə əvvəlcə 2022-ci ildə keçirilməli olsa da, COVID-19 pandemiyası və digər səbəblərdən üç dəfə təxirə salınıb.
Banqsamoro Muxtar Bölgəsinin yaradılması Mindanao adasında onilliklərdir davam edən silahlı münaqişənin sona çatdırılması və yerli müsəlman əhalinin öz müqəddəratını müəyyənləşdirməsi istiqamətində mühüm addım hesab olunur.
Seçkilərin ilkin nəticələrinin çərşənbə axşamı açıqlanacağı gözlənilir.





