Əgər ayaqyolundan sonra istibra edilməyibsə, bu halda namaz qılmaq olarmı?

İstibra kiçik ayaqyolundan (sidikdən) sonra edilməsi müstəhəb olan əməldir, öz-özlüyündə vacib deyil. İstibranın mahiyyəti budur ki, sidik kanalında qalan sidiyin sonra çölə çıxmasının qarşısı alınsın, paltar və bədən bulaşmasın. Əgər insan ayaqyolundan sonra istibra etməyibsə, yalnız sidik çıxan yeri su ilə yuyubsa, sonra da sidik damcısının çıxmadığına yəqinliyi varsa, dəstəmaz alıb namazını qıla bilər. Yox, əgər sonra sidik damcısının çıxdığını bilirsə, bu halda bədənini və paltarını pak etməyincə namaz qıla bilməz. Əgər şəraitsizlik üzündən sidikdən sonra özünü yumayıbsa, bu halda bədəni bulaşmış sayılır. Sidik yerini yalnız su ilə pak etmək olar. Buna görə imkan yaranan kimi bədənini və paltarını pak etməli, sonra dəstəmaz alıb namazını qılmalıdır.






