Paxıllıq bəyənilmir

/ Çərşənbə, 12 Oktyabr 2011 12:45
Paxıllıq bəyənilmir

Bağdad şəhərində sərvətli bir adam yaşayırdı. Onun qonşusu çox paxıl idi. Öz sərvətli qonşusuna zərər vurmaq üçün nə qədər çalışsa da, təsiri olmurdu.

Axırda çıxış yolunu tapdı, özünə bir qul aldı. Bir ildən sonra qulu yanına çağırıb dedi: «Bu gecə sənə vacib bir iş tapşıracağam. Gərək mütləq yerinə yetirəsən».

Gecəyarı paxıl öz qulunu da götürüb, sərvətli qonşunun evinin damına çıxdı. Orada üzünü qula tutub dedi: «Sən gərək məni öldürüb, meyitimi burada qoyasan. Səhər mənim meyitimi tapanda, qonşunu təqsirli bilib cəzalandıracaqlar.
Mən yalnız bu yolla qonşumun gününü qara edə bilərəm».

Qul nə qədər and-aman edib, ağasını bu cəfəng fikirdən daşındırmaq istəsə də, mümkün olmadı. Axırda onun əmrini yerinə yetirdi; ağasını orada qətlə yetirib evə qayıtdı.

Səhər cəsədi sərvətli adamın evinin damında tapdılar və onu həbs etdilər. Qulu da şahid sifətilə məhkəməyə gətirdilər. Qulun vicdanı dilə gəldi, günahsız qonşunu nahaq ölümdən xilas etmək üçün əhvalatı olduğu kimi açıb danışdı. Xəlifə qulun günahından keçdi. Hamı paxıl qonşuda olan həsədin dərəcəsinə heyran qaldı.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.